Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” klubu ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulub.
Krivotsyuk “Daejeon”un mətbuat xidmətinə açıqlama da verib:
“Cənubi Koreyanın ən yaxşı klubu ilə müqavilə müddətini yenilədiyim üçün çox şadam. Hər şeyə görə ailəmə və Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz”.
Qeyd edək ki, “Daejeon Hana Sitizen” geridə qalmış 2024-cü il mövsümünü 38 oyuna topladığı 48 xalla 12 iştirakçı arasında 8-ci pillədə başa vurub. Komanda 38 oyunda 12 qələbə qazanıb, 12 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Cənubi Koreya çempionatında 12 komanda mübarizə aparırdı. Sonuncu sıradakı “İnçeon Yunayted” (39 xal) aşağı dəstəyə düşüb. 10-cu yerdəki “Jeonbuk” (42 xal) və 11-ci olan “Daequ” (40 xal) isə pley-offda oynayacaqlar. “Ulsan HD” 72 xalla Cənubi Koreya çempionu olduğu halda, “Qanqvon” (64) gümüş, “Gimçeon” (63) bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


