Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 37-ci turu çərçivəsində “İnçeon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun Krivotsyukun komandasının qələbəsiylə yekunlaşıb – 2:1.
Anton bu görüşə start heyətdə başlayıb. Komandasının ikinci qolunu da Krivotsyuk vurub. O, 15-ci dəqiqədə fərqlənməklə hesabı 2:0 edib. Amma millimizin müdafiəçisi bu matçı başa çatdıra bilməyib. O, 90+1-ci və 90+3-cü dəqiqələrdə sarı vərəqə almaqla meydandan qovulub.
“Daejeon Hana Sitizen” 37 oyuna topladığı 45 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 37 oyunda 11 qələbə qazanıb, 12 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 39 matça çıxıb, 1 qola imza atıb.


