Anton Krivotsyuk “İnçeon”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 16-cı turu çərçivəsində “İnçeon” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. O, 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” 16 turdan sonra topladığı 22 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 14 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 2 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.