Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 38-ci turu çərçivəsində “Seul”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası mövsümün son matçında meydanı heç-heçə ilə tərk edib – 2:2.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 44-cü dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon Hana Sitizen” 38 turdan sonra topladığı 51 xalla mövsümü 12 iştirakçı arasında 8-ci pillədə başa vurub.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandada 33 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 9 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.