Anton Krivotsyuk oynamadı, komandası ikinci məğlubiyyətini aldı

Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Radomiak Radom”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, yeni mövsümə çox uğurlu başlamış “Visla”nın ikinci məğlubiyyətidir. Komanda son üç matçdan ikisində uduzub, birində isə heç-heçə edib.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə sonadək ehtiyatda qalıb.

Son oyunlardakı xal itkilərinə baxmayaraq, “Visla” 9 turdan sonra 17 xalla 18 iştirakçı arasında lider olaraq qalır. Lakin liderlər qrupundakı digər komandalar xal qazanmaqla Plotsk təmsilçisini aşağı pillələrə gerilədə bilər.