Anton Krivotsyuk üçün Cənubi Koreyada 90 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 11-ci turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” 11 turdan sonra topladığı 18 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 9 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 1 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: