Anton Krivotsyuk üçün Cənubi Koreyada 90 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 3-cü turu çərçivəsində “Pohanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Bu, onun Cənubi Koreya çempionatındakı üçüncü matçı olub. Milli üzvü hər üç oyunda 90 dəqiqə oynayıb və bir sarı vərəqə ilə cəzalanıb.

“Daejeon Hana Sitizen” 3 turdan sonra topladığı 5 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 27 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: