Anton Krivotsyuk yeni mövsümdə ilk matçına çıxdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 4-cü turu çərçivəsində “İnçeon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası bu matçda meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Anton bu görüşün 71-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə ilk dəfə meydana çıxan millimizin üzvü 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.

Xatırladaq ki, Krivotsyuk zədə səbəbindən mövsümün ilk 3 oyununda komandasına kömək edə bilməmişdi.

“Daejeon Hana Sitizen” 4 turdan sonra topladığı 2 xalla 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda 4 oyunda 2 heç-heç edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 35 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.