Anton Krivotsyukun komandası kubokdan kənarlaşdırıldı

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun Cənubi Koreyada formasını geyindiyi “Daejeon Hana Sitizen” növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Jeju Yunayted”lə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 3:4. Nəticədə “Daejeon Hana Sitizen” üçün kubok mübarizəsi başa çatıb.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Çempionat oyunlarında əsas heyət üzvü olan Anton Krivotsyukun adı kubok görüşünün iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 12 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 1 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.