Antoni Elanqa və Aleks Telles satıldı, MY bu qədər qazandı

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Antoni Elanqa və sol cinah müdafiəçisi Aleks Tellesi satıb.

Arena.az xəbər verir ki, Elanqa 17.5 milyon avro qarşılığında Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”ə, Telles isə 7 milyon avroya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

30 yaşlı Aleks “Əl-Nəsr”lə 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. 21 yaşlı Elanqa isə “Nottingem Forest”lə 5 illik (2028-ci ilin 30 iyununa qədər) sözləşməyə imza atıb.

Xatırladaq ki, Aleks Telles “Mançester Yunayted”ə 2020-ci ilin oktyabrında “Portu”dan 15 milyon avro qarşılığında keçmişdi. Braziliyalı müdafiəçi “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 50 oyunda 1 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. O, “Portu”, “Qalatasaray”, “Qremio”, “Sevilya”, “İnter”, “Yuventude” kimi klubların da formasını geyinib. Telles Braziliya millisində də 12 oyuna çıxıb.

Antoni Elanqa isə peşəkar karyerasına məhz “Mançester Yunayted”də başlayıb. O, bu klubun əsas komandasında 55 oyun keçirib, 4 qol və 4 assist müəllifi olub. Sol cinah vingeri İsveç yığmasında da 12 oyuna 3 qol vurub.

“Mançester Yunayted” uelsli yarımmüdafiəçisi Çarli Ceveclə də yollarını ayırıb. 20 yaşlı futbolçu “Ridinq”ə keçib. O, yeni klubu ilə 4 illik müqavilə bağlayıb. MY-nin yetirməsi əsas komandada da 1 oyun keçirib. O, bir müddət “Forest Qrin Rovers”də icarədə də olub.

Yeri gəlmişkən, “Nottingem Forest” “Torino”dan sağ cinah müdafiəçisi Ola Aynanı da heyətinə qatıb. İngiltərədə dünyaya göz açmış nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. “Çelsi”nin yetirməsi olan, “Fulhem”də də oynamış futbolçu 2018-ci ildən “Torino”da çıxış edirdi. O, İtaliya klubunda 113 oyun keçirib, 2 qol və 7 assist müəllifi olub. Müdafiəçi Nigeriya yığmasında da 30 oyun keçirib.

“Nottingem Forest” yarımmüdafiəçisi Kafu (Karlos Migel Ribeyro Dias) ilə də yollarını ayırıb. Portuqaliyalı futbolçu azad agent kimi “Roterem”ə keçib. 30 yaşlı futbolçu 2 illik müqaviləyə imza atıb. “Benfika”nın yetirməsi olan, “Vitoriya” (Gimaraynş), “Loryan”, “Mets”, “Legiya” (Varşava), “Olimpiakos” kimi klublarda da forma geyinmiş Kafu, 2020-ci ildən “Nottingem Forest”də idi.