Antoni məişət zorakılığında ittiham olunur

Futbol üzrə Braziliya milli komandasının və İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı vingeri Antoni zorakılıqda ittiham olunur.

Arena.az xəbər verir ki, braziliyalı DJ Qabriela “Qabi” Kavallin futbolçunu ona zorakılıq, təhdid və bədən xəsarətləri yetriməkdə ittiham edərək, polisə şikayət edib.

Bu barədə “Globo” məlumat yayıb. Qadın bazar ertəsi San-Paulo polis idarəsinə şikayət ünvanlayıb.

İddialara görə, hadisə may ayında baş verib. DJ Qabi həmçinin təcili müdafiə tədbirləri və məhkəmə-tibbi ekspertizası tələb edir.

Qeyd olunur ki, Kavallin bəyanata bədən sıyrıqlarının fotolarını və təhdid mesajlarını əlavə edib. San-Paulo İctimai Təhlükəsizlik Katibliyi hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı müvafiq araşdırmalara başladığını təsdiqləyib.

Xatırladaq ki, Antoni “San-Paulo”nun yetirməsidir. Hücumçu 2022-ci ildə “Ayaks”dan 95 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib. O, Premyer Liqa nəhəngində 44 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.