Futbol üzrə Braziliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni ötən gecə qarşılaşdıqları “Çelsi” ilə oyunda zədələnib. Arena.az xəbər verir ki, o, Premyer Liqanın 32-ci turundan təxirə salınmış bu oyunun 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Zədənin xüsusiyyətləri və sağalma müddəti haqda məlumat yarımmüdafiəçi tibbi müayinə keçəndən sonra ictimaiyyətə açıqlanacaq.
Antoni “Mançester Yunayted”ə 2022-ci ilin avqust ayında Niderland “Ayaks”ından 95 milyon avro qarşılığında keçib. O, cari mövsümdə “Qırmızı şeytanlar”ın formasında 44 oyuna çıxıb, 8 qol vurub, 3 qol ötürməsi ilə fərqlənib.
Braziliyalı futbolçu daha öncə “Ayaks”la (82 oyun, 24 qol, 22 asist) yanaşı, ölkəsində “San Paulo”nun da (37 oyun, 4 qol, 6 asist) formasını geyinib. O, Braziliya milli komandasında da 15 oyun keçirib, 2 qolla yadda qalıb.