Antoni Marsyal rəsmən Yunanıstan klubunda

Bu yay İngiltərənin “Mançester Yunayted” klubundan ayrılan fransalı hücumçu Antoni Marsyal Yunanıstan təmsilçisi AEK-ə keçib.

Arena.az bu barədə Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı futbolçu yeni klubu ilə azad agent statusunda 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Xatırladaq ki, hücumçu bu yay “Mançester Yunayted”dən ayrıldıqdan sonra klubsuz idi.

Antoni Marsyal Lion “Olimpik”inin yetirməsidir. Fransalı hücumçu karyerası ərzində “Monako” və “Sevilya”da da çıxış edib.

“Mançester Yunayted” Marsyalı 2015-ci ilin sentyabrında 60 milyon avro məbləğ müqabilində “Monako”dan heyətinə qatmışdı.

Ötən mövsüm Marsyal “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 19 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Fransalı hücumçunun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 317 oyun, 90 qol, 47 məhsuldar ötürmə.

Antoni Marsyal 2015-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 30 oyuna 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu “xoruzlarla” UEFA Millətlər Liqasını qazanıb (2021).

Marsyal “Mançester Yunayted”lə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Liqa Kubokunun, İngiltər Super Kubokunun və Avropa Liqasının qalibi olub. O, Fransa yığmasının heyətində də 2021-ci ildə UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.