Qalmaqallı çıxışları ilə səciyyəvi olan italiyalı keçmiş hücumçu Antonio Kassano bu dəfə də dilini dinc saxlamayıb. Arena.az xəbər verir ki, onun budəfəki hədəfi azarkeşi olduğu “İnter”dir.
Kassano “İnter”in A Seriyasındakı çıxışını sərt tənqid edib. Bu azmış kimi, komandanın baş məşqçisi Simone İnzaqini qovmağı çağırış edib:
“İnter”də nəsə cəfəngiyyat baş alıb gedir. Klub rəhbərliyi İnzaqiyə Çempionlar Liqasının finalına çıxdığı üçün etimad göstərir, ancaq çempionatdakı fəlakəti görməzdən gəlir. “İnter” iştirak etdiyi üç turnirin birindən faciəvi surətdə əl üzdü. Belə çıxış etmək olmaz.
Hamı “İnter”i Çempionlar Liqasının finalına çıxdığı üçün alqışlayır, ancaq mən öz dostlarıma “İnter”in ora məhz necə düşdüyünü danışıram. İtaliyada isə “neradzurri” “Napoli”dən 20 xal geridə qalır. Bu, sərsəmlikdir. Ötən il bizim “İnter” möcüzələr yaradan “Milan”a qalib gəlməyə rüsxət verməklə skudettonu unitaza axıtdı. Bu il isə hər şey daha da pisdir. Əgər sən mübarizədən sona üç-dörd tur qalmış kənar olursansa, olsun, yaxşı, demək olar ki, sən mübarizə aparmısan. Ancaq “İnter” artıq beş aydır ki marafonda iştirak etmir. Bir “İnter” azarkeşi kimi bu, mənim üçün yekə biyabırçılıqdır.
Marottaya “İnzaqi yüz faiz qalır”, deməzdən öncə futboldan bir az baş çıxarmağa başlamaq gərkdir. Marotta və futbol – bu, ağ və qaradır, ortaq, ümumi heç nə yoxdur. O, sağa-sola müsahibələr paylayır, filmlərdə çəkilir, “İnter”də xeyirli heç nə ilə məşğul olmur, ancaq “piar”la məşğuldur.
“İnter”in A Seriyasında 12 oyun uduzmağa və çempionatda nəcisvari çıxış etməyə haqqı yoxdur. İnzaqi, Çempionlar Liqasının finalına çıxmasına baxmayaraq, onu qovardım. Onun ÇL-də yolu kifayət qədər sadə olub. Gəlin qələbəyə ümidlə barmaqlarımızı bir-birinə keçirib dualar edək. Ancaq bu halda da mən məşqçini dəyişərdim. “İnter” “Empoli”, “Viterbeze” və “Benfika” ilə oyunlarda cəsarətlə oynamalıdır. Bu səbəbdən də İnzaqi qələbə qazanacağı halda belə, qovulmalıdır.
Əziz Marotta, bununla məşğul ol, kinoya çəkilməklə yox”.
Antonio Kassano vaxtilə “Bari”, “Roma”, “Real”, “Sampdoriya”, “Milan”, “İnter”, “Parma” və “Verona” kimi klubların formasını geyinib. O, İtaliya millisində 39 oyuna 10 qol vurub.