“Napoli”nin baş məşqçisi Antonio Konte Avropada yay transfer pəncərəsinin müddəti ilə bağlı sərt tənqidi çıxışı ilə gündəmə gəlib.
Arena.az “Football Italia” nəşrinin DAZN şəbəkəsinə istinadı əsasında, italyan mütəxəssisin bu barədə çıxışını təqdim edir:
“Bu, saçmadır. Getmək üzrə olan oyunçuları çalışdırıb, heç vaxt işləmədiyimiz oyunçuları gözləmək məcburiyyətindəyik. Yeni gələnlərin hansı vəziyyətdə gələcəyini belə, bilmirik. “Parma” ilə oyunda ehtiyat oyunçular skamyasında bir müdafiəçi belə, yox idi, belə ki, dünən Yakkarino və Saxo icarəyə yollanmışdılar. Biz dualar edirdik ki, Lobotka və Zambo-Anqissaya heç nə olmasın.
Mən görürəm ki, futbol daim inkişaf edir, amma rəhbərlikdə bu gülünc qayda ilə şişmiş transfer pəncərəsi ilə məşğul olacaq biri olmalıdır. Hər kəs qaydaları və tərtibatı dəyişməyə hazırdır. Bu xüsusi qayda bütün məşqçilərə və klublara zərər verir. Ümidvaram ki, gələcəkdə hər şey dəyişəcək”, deyə Antonio Konte vurğulayıb.
Xatırladaq ki, “Napoli” italyan mütəxəssis Antonio Konteni “eşşəkciklər”in sükanı arxasına cari ilin iyun ayında gətirib. Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamış “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığını qoyub.