“Napoli”nin yeni baş məşqçisi, italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in qarşıdakı mövsümə hazırlığı haqda söhbət açıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Ağır yüklər altında uzunmüddətli məşqlərdən sonra bir azacıq özümüzə gəlməyə başlayırıq. Kiçik çətinliklər – adi haldır, uşaqlara təşəkkür etmək gərəkdir, biz hücum və müdafiə mərhələlərində nəsə etməyə çalışırıq. Mən fəallıq göstərən və birlikdə işləyən komanda görürəm. Biz tərəqqi edə bilərik və etməliyik, çünki mövsüm boyu oyunlarda ən yaxşı keyfiyyətlərimizi göstərməli olacağımız vəziyyətlərlə qarşılaşacağıq.
Komandaya bir özünəməxsusluq vermək üçün taktiki nöqteyi-nəzərdən çox səylə çalışırıq. Mən oğlanların hazırlığından və istəyindən çox razıyam, amma hələ də təkmilləşmək üçün imkanlarımız var. Bir neçə gündən sonra “Brest”lə növbəti yoldaşlıq oyunu olacaq, biz bütün nöqteyi-nəzərlərdən, həm taktiki, həm də fiziki cəhətdən çox çalışırıq. Gələcək üçün bu oyunlarda işləməyə davam edəcəyik”, deyə Antonio Konte vurğulayıb.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümünü “Napoli”, İtaliya çempionu kimi qatıldığı A Seriyasında 53 xalla yarış cədvəlinin 10-cu pilləsində başa vurub və avrokuboklardan kənarda qalıb. Bununla yanaşı, Neapol komandası simasız oyunu ilə diqqət çəkib, ötən mövsümün gedişində iki dəfə məşqçi dəyişikliyi etməsinə rəğmən, düşdüyü girdabdan qurtula bilməyib.
Cari ilin iyun ayında “Napoli” italyan mütəxəssis Antonio Konteni “eşşəkciklər”in sükanı arxasına gətirib. Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamış “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. Əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.