Antonio Konte “Napoli”nin “Cenoa”ya qarşı oyununu tənqid etdi

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 17-ci turu çərçivəsində “Cenoa”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis komandasının 2:1 hesablı qələbəsinə rəğmən, yetirmələrinin oyununu tənqid etməsi ilə diqqət çəkib:

“Biz hücum edərək müdafiə olunmalı, arxada oturub əl-qolumuzu çarpazlamaqla rəqibin təşəbbüsü ələ almasına imkan verməməliyik. Mən addımlar və təkmilləşdirmələr haqqında danışanda məhz bunu nəzərdə tuturam. Bu gün isə bəxtimiz gətirdi, burada oturub acı göz yaşlarını rahatca axıda bilərdik. Mən acı göz yaşları tökmək istəmirəm.

Uşaqlar başa düşməlidirlər ki, onlar həmişə ayaqları qaz pedalında olmaqla, əvvəldən axıra qədər oynamalıdırlar. İkinci hissədə heç nə xoşuma gəlmədi. Hücum edərək müdafiə olunmaq – bax, bizim mantramız budur”, deyə Antonio Konte vurğulayıb.

17 oyundan 38 xalla “Napoli” İtaliya A Seriyasının yarış cədvəlində 1-ci pillədə şərti lider qismindədir. “Cenoa” isə 16 xalla 13-cü pillədə qərarlaşıb.

A Seriyanın mümkün liderləri isə “İnter” (15 oyundan 34 xalla 3-cü) və “Atalanta”dır (16 oyundan 37 xalla 2-ci).

Xəbəri istədiklərinizlə paylaşın