“Napoli”nin baş məşqçisi Antonio Konte çalışdırdığı kollektivdən 2024/2025-ci illər mövsümündə gözləntilərini paylaşıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən cəmi bir aydır ki, buradayam və bu səbəbdən hazırda hədəflər barədə danışmaq çətindir. Bircə onu demək istəyirəm ki, cari mövsümdə əziyyət çəkməyə hazır olmalıyıq və birliyimizi qorumalıyıq. Çətinliklər bizi bir araya gətirməlidir ki, onlardan mütləq surətdə yararlana bilək. Çalışırıq ki, meydanı yaş köynəklərdə tərk edək. Biz özümüzdən mütləq daha çoxunu əldə etməliyik.
Çətin vəziyyəti gözləyirdim, amma bu qədər yox. İndi müsbət məqamlar tapmaq çətindir. Daha yaxşısını gözləyirdim. Komandanın qarşıdan gələn mövsüm üçün perspektivləri necədir? “Napoli”nin nə vaxt rəqabət apara biləcəyini bilmirəm. Altı ay, bir il, iki, üç il də ola bilər. Mən bilmirəm”, deyə Antonio Konte etiraf edib.
Konte “Çelsi”nin hücumçusu Romelu Lukakunun kluba mümkün gəlişi və hücumçu Viktor Osimhenin “Napoli”ni tərk edə biləcəyi ilə bağlı sualları da cavablayıb:
“Mən “Napoli”nin heyətində olmayan oyunçulardan danışmıram. Viktor Osimhenə gəlincə, vəziyyət yüz faiz klubdan və futbolçudan asılıdır. Bu hekayənin təfərrüatına girmirəm, çünki bu, mən komandanı çalışdırmağa başlamamışdan əvvəl başlayıb”, deyə Konte vurğulayıb.
Cari ilin iyun ayında “Napoli” italyan mütəxəssis Antonio Konteni “eşşəkciklər”in sükanı arxasına gətirib. Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamış “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. Əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.