“Çelsi”nin müdafiəçisi Antonio Rüdiger İngiltərə klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçu özü açıqlama verib.
Almaniya millisinin üzvü komanda yoldaşları və azarkeşlərlə vidalaşıb. Klubla müqaviləsinin müddəti bu yay bitəcək futbolçu yeni sözləşmə imzalamaqdan imtina edib.
Almaniyalı stopper 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan 35 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. O, London təmsilçisində bütövlükdə 202 matça çıxıb. Bu oyunlarda 12 qol vuran futbolçu, 7 məhsuldar ötürmə müəllifi də olub. Rüdiger “zadəganlar”ın heyətində UEFA Çempionlar Liqasının, Avropa Liqasının, İngiltərə Federasiya Kubokunun, UEFA Super Kubokunun qalibi adını qazanıb.
Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Rüdiger, “Roma”dan öncə məhz Bundesliqa təmsilçisində çıxış edib. Almaniya yığmasında 50 oyuna çıxan müdafiəçi, 2 qol da vurub.
Antonio Rüdiger böyük ehtimalla növbəti mövsümdə Madrid “Real”ının formasını geyinəcək. Onun yaxın günlərdə İspaniya klubu ilə 4 illik müqaviləyə imza atacağı iddia olunur. Yeni klubuna azad agent kimi keçəcək müdafiəçinin buna görə əlavə 10 milyon avro qazanacağı bildirilir. Madrid təmsilçisinin hətta ona 400 milyon avro qiymət qoyduğu da qeyd olunur.


