Antuan Qrizmann “Barselona”dan birdəfəlik getdi

Madrid “Atletiko”sunun “Barselona”dan icarəyə götürdüyü Fransa millisinin hücumçusu Antuan Qrizmann Kataloniya klubundan birdəfəlik ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Məsələ burasındadır ki, paytaxt klubu Qrizmannın transfer hüquqlarını da alıb. 31 yaşlı futbolçu 4 illik müqaviləyə imza atıb. “Atletiko”nun bu transfer üçün “Barselona”ya nə qədər təzminat ödədiyi açıqlanmır.

Xatırladaq ki, Antuan Qrizmann 2019-cu ildə 120 milyon avro qarşılığında məhz “Atletiko”dan “Barselona”ya keçmişdi. Madridlilər ötən ilin sentyabrında fransalı forvardı icarə əsasında geri qaytarmışdılar. Buna Qrizmannın “Barselona”dakı karyerasının uğursuz alınması da böyük təsir göstərmişdi. Hücumçu Kataloniya təmsilçisində 102 oyunda 35 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli oyunçu bu mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 11 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2014-2019-cu illər aralığında da paytaxt klubunun uğurları üçün çalışmış hücumçu, bu komandanın heyətində bütövlükdə 304 oyuna çıxıb, 144 qol vurub, 59 məhsuldar ötürmə müəllifi olub.

Qrizmann “Atletiko” və “Barselona”dan öncə “Real Sosyedad”ın da uğurları üçün çalışıb. O, Fransa yığmasında 110 oyuna 42 qol vurub.