Antuan Qrizmann “İnter” üzərində qələbədən danışdı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “İnter” üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, “döşəklilər” “neradzurri”ni penaltilər silsiləsində məğlub ediblər (ilk oyun 0:1, cavab oyunu: 2:1, penaltilərlə: 3:2), sloven qapıçı Yan Oblak isə iki oyunsonrası penalti zərbəsini dəf edib.

“Biz əla iş görmüşük. Qarşılaşmada çoxlu duellər oldu və onların həlledici rol oynayacağını bilirdik. Top uğrunda mübarizədə qalib gəlməklə, hər bir oyunçunun texniki təchizatı sayəsində üstünlük əldə edirsiniz. Əla oyun keçirdik, sonra isə Oblak istedadını nümayiş etdirdi və penaltilər silsiləsində qələbə qazanmağımıza kömək etdi. Bu, futboldur, bu, “Atletiko”dur”, deyə Qrizmann fərəhlə bildirib.

Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 37 oyuna 19 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 378 oyun, 176 qol, 83 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmanın transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.