Antuan Qrizmann meydandakı ən rahat mövqeyi haqda danışdı

Fransa yığmasının 33 yaşlı hücumçusu Antuan Qrizmann futbol meydannın onun üçün ən rahat mövqe haqda danışıb.

Arena.az fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim sevimli mövqeyim? Mənim üçün bu, həmişə meydanın mərkəzi olub – bu, azadlıq hissidir. Özümü ruhi cəhətdən rahat hiss etmək üçün buna ehtiyacım var. Oynamağım daha çox başımdan və düşüncələrimdən asılıdır. Mən xoşbəxtəmsə, deməli hər şey yaxşıdır. Şübhə və ya suallarım varsa, bu, dərhal aydın olur. Avropa çempionatında başıma belə bir iş gəldi… Başım azad olmalı, xoşbəxt olmalı və meydanın mərkəzində oynamalıyam ki, bundan həzz alıb başqalarına da bunu ötürə bilim”, deyə Qrizmann vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 4 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 393 oyun, 182 qol, 86 məhsuldar ötürmə.

Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.