Aquero: “Rəqiblər Mbappedən yox, Vinisiusdan qorxmalıdırlar”

“Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, argentinalı keçmiş futbolçu “Real”ın iki ulduzu – fransalı hücumçu Kilian Mbappenin oyun keyfiyyətlərinə görə, braziliyalı Vinisius Juniordan üstün olub-olmaması ilə bağlı sualı cavablayıb:

“Onlardan birinin malik olduğu keyfiyyətlərə, ikincisi malik deyil və əksinə. Mbappe “Real”ın oyununa uyğunlaşmağa çalışmalıdır. PSJ-də o, öndə qalırdı, əks-hücuma keçib onu bitirmək fürsətini gözləyirdi, amma burada tamam başqa oyundur. İndi rəqibləri məhv edən, PSJ-dən olan o Mbappeni görmürük. “Real”a qarşı oynayarkən Mbappenin deyil, Vinisiusun bölgəsini qorumaq gərəkdir. Rəqiblərinə başağrısı verən odur”, deyə Aquero vurğulayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 14 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 278 oyun, 91 qol, 82 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: