Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 12-ci turu çərçivəsində bu gün “Priştina” ilə qarşılaşıb.
Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.
Ardıcıl üçüncü oyundur heç-heçəyə razılaşan “Lapi” bu nəticədən sonra 22 xalla 10 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.


