Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Araz Abdullayev bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Zirə” ilə 31 yaşlı futbolçu arasında cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Xatırladaq ki, Araz Abdullayev 2023/2024 mövsümünün əvvəlində Kosovo klubu “Lapi”ylə 1 illik müqavilə imzalasa da, qışda bu komandadan ayrılandan bəri azad agent statusu daşıyırdı. O, bu komandanın heyətində cəmi cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
31 yaşlı sağ cinah vingeri karyerası ərzində yetirməsi olduğu “Neftçi”dən başqa, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt” klublarının da formasını geyinib. O, ölkədən kənarda İngiltərə “Everton”u, Yunanıstan “Panionios”i, Kipr “Etnikos”u və “Anortosis”i, Türkiyə “Boluspor”unda da çıxış edib.
Araz Azərbaycan millisində də 44 oyun keçirib və 3 qolla yadda qalıb.