“Araz-Naxçıvan” 13 futbolçu ilə vidalaşdı – Rəsmi

Premyer Liqanın 2023/2024 mövsümü üçün heyətini formalaşdıran “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 13 futbolçu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Abdulla Rzayev və İldar Ələkbərovun icarə müqaviləsinin müddəti başa çatıb. Bu üzdən də hər iki futbolçu müqavilə ilə məxsus olduğu “Sabah”ın düşərgəsinə qayıdıb.

Zamiq Əliyev azad agent kimi Albaniyanın “Eqnatiya” klubuna keçib. Digər yerli futbolçulardan Turan Manafov, Nicat Süleymanov, Tural Bayramlı və Orxan Əliyevlə də yeni müqavilə imzalanmayıb. Legionerlərdən isə Semir Bukviç, Numan Kurdiç, Aksel Nqando, İsmail Azzaui, Məhəmməd Kadiri və Elvis Maşike Naxçıvan klubuna lazım olmayıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə yeni müqavilə imzalandığını açıqlamışdı. Naxçıvan klubu Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”) və Tərlan Əhmədlini (“Turan Tovuz”) də heyətinə qatıb.