Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündəki ilk rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün futzal üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Püşkün nəticələrinə əsasən, “Araz-Naxçıvan” F qrupunda “Lyuti Krayişniç” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta” (Belfast, Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaqlar. Onlar B yolundakı qruplara səpələnəcəklər. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlər mübarizəni davam etdirmək hüququ qazanacaqlar. Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq. Təmsilçimiz bu mərhələyə yüksəlsə, 7-ci qrupda “Yunayted Qalati” (Rumıniya), “Differdanj” (Lüksemburq) və B qrupunun qalibi (“Tiger Roermand” (Niderland), “Bayo Pivlyanin” (Monteneqro), “Vlajniya” (Albaniya) və “İsbyorninn” (İslandiya) ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Belə ki, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcəklər. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də dekabrın 5-də keçiriləcək.
1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar 1/4 finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında gələn il fevralın 23-də və martın 6-da keçiriləcək 2 oyunda (ev-səfər) müəyyənləşəcəklər.
Final turnirində isə 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Oyunlar gələn ilin mayında baş tutacaq.


