“Araz Naxçıvan” Joze Alesio ilə vidalaşdı, Vitali Borisova tapşırıldı

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz Naxçıvan” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Arena.az xəbər verir ki, 17 qat Azərbaycan çempionu mayın 31-də müqaviləsinin müddəti başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə yollarını ayırıb.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bilirilir ki, baş məşqçi postuna Vitali Borisov təyin olunub.

Ona serb mütəxəssislər – Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcəklər. Predraq Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Xatırladaq ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakıda anadan olub.

Futzalçı kimi heyətində çıxış etdiyi klublar:
Anqloil – 2000-ci il
Tribut – 2001-2003
Araz Naxçıvan – 2004-2005
Azfarma – 2005-2006
Araz Naxçıvan – 2006-2008
Dina (Rusiya) – 2008-2010
Araz Naxçıvan – 2010 – 2014
Fener – 2014-2015
Ekonomaç (Serbiya) – 2015-2017
Neftçi İK – 2017-2018
Marafon Futsal – 2018

Məşqçi kimi fəaliyyəti:
Neftçi İK – 2021-2022

Uğurları:
UEFA kuboku, bürünc medal – 2 dəfə
Azərbaycan çempionu – 7 dəfə
Azərbaycan kuboku – 4 dəfə
Serbiya çempionu – 2 dəfə
Serbiya kuboku – 2 dəfə

Milli komanda

2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib. O, 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yeri tutmaqdır.