Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Arena.az xəbər verir ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək klub Serbiya millisinin də üzvü olan Yaniç Aleksandarla anlaşıb.
29 yaşlı müdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”a kömək edəcək.
“Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyo, Kayke Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), Covanni Valerio (“Torreense”, Portuqaliya), İlham Alıyev (U-19) və Lazar Milosavlyeviçi (“Çrniça”, Xorvatiya) də transfer etmişdi. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıblar.
Təmsilçimiz UEFA Çempionlar Liqasında avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya), avqustun 24-də isə “Uddevalla” (İsveç) ilə qarşılaşacaq.
