Futzal üzrə UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən Azərbaycan çempionu “Araz-Naxçıvan” təlim-məşq toplanışı davam etdirir.
Arena.az xəbər verir ki, komanda bu gündən etibarən hoteldə məskunlaşıb və fiziki ağırlıqlı yükləmələrə start verib.
Gündə 2 dəfə hazırlıq keçən “qırmızı-ağlar” heyətini də komplektləşdirməyə çalışır. Son çempion bu dəfə Serbiya millisinin üzvü ilə anlaşıb. Marko Prşiç yeni mövsümdə Naxçıvan klubunun uğurları üçün tər tökəcək. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Əl-Ərəbi”si olub.
Xatırladaq ki, Azərbaycan çempionu daha öncə braziliyalı Kadinyo, Kayke Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), Covanni Valerio (“Torreense”, Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavlyeviçi (“Çrniça”, Xorvatiya) də transfer etmişdi. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan klub, Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla da yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıblar.
