Azərbaycan millisinin oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq. Qarşılaşma “Sumqayıt Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, 5 turdan sonra 4 oyun keçirmiş “Araz-Naxçıvan” 7 xalla 4-cü sırada qərarlaşıb. 5 oyuna 6 xalı olan “Sumqayıt” isə turnir cədvəlinin 6-cı pilləsindədir.
Xatırladaq ki, Azərbaycan milli komandasını qarşıda UEFA Millətlər Liqasının yeni mövsümünün ilk iki turu çərçivəsində İsveçlə ev, Slovakiya ilə səfər oyunu gözləyir. İsveçlə görüş sentyabrın 5-də, slovaklarla qarşılaşma isə ayın 8-də baş tutacaq. Hər iki oyuna saat 20:00-da start veriləcək.