Milli komandaların oyunlarına görə yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”la “Turan Tovuz” bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar.
Premyer Liqa təmsilçilərinin görüşü məhsuldar alınsa da, yekunda heç-heçə qeydə alınıb – 2:2. Tovuzluların heyətində Fərid Nəbiyevlə Ayxan Hüseynov fərqləniblər. Naxçıvan klubunun qollarını isə Aksel Nqando ilə Vadim Abdullayev vurublar.
Xatırladaq ki, “Araz-Naxçıvan” mövsümün geridə qalan 9 turunda 14 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. Naxçıvanlılar fasilədən sonra səfərdə “Qəbələ” ilə üz-üzə gələcəklər. Bu oyun oktyabrın 22-də baş tutacaq. 11 xalla 6-cı pillədə qərarlaşmış “Turan Tovuz”u isə “Qarabağ”la ev oyunu gözləyir. Bu qarşılaşma oktyabrın 20-də baş tutacaq.