Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Araz Saatlı” komandasında böhran davam etməkdədir.
Arena.az xəbər verir ki, komanda öz ev oyunlarını doğma rayonda deyil, Şirvan şəhərində yerləşən olimpiya idman kompleksində keçirir.
4-cü tur çərçivəsində “Şahdağ Qusar” məğlubiyyəti (0:2) və komandadakı ümumi mənzərə barədə klubun baş məşqçisi Şəhriyar Məmmədovla əlaqə saxlayıb fikirlərini öyrəndik. Onun Arena.az-a açıqlaması belə oldu:
“İkinci Liqada çıxış etmək Birinci Liqaya nisbətən maliyyə baxımından çox çətindir. Buna baxmayaraq, komandamızın hazırlığı öz qaydasındadır. Sadəcə, bizə maddi baxımdan dəstək lazımdır ki, çətinliklərin öhdəsindən gələ bilək. Digər rayon komandalarına göstərilən dəstəyi gördükdə, arzu edirik ki, kaş Saatlının iş adamları da bizə kömək göstərsinlər.
Ev oyunlarımızı Saatlıda yox, Şirvanda keçirməyimiz də bizə mənfi təsir göstərir. Saatlı sakinləri öz komandalarına dəstək ola bilmir. Yəqin ki, bu amili nəzərə alıb bəzi şəxslər bu problemi həll edəcəklər. Ən azından buna ümidliyik. Klubun azarkeş dəstəyindən məhrum olması çox üzücüdür. Komandanın məskunlaşdığı Ağarəhimli kəndindəki baza ödənişsizdir. Buna görə “Hunter Villa” rəhbərliyinə öz təşəkkürümüzü bildiririk ki, çətin anlarımızda bizdən maddi olaraq heç nə istəmir”.
Xatırladaq ki, “Araz Saatlı” İkinci Liqanın 2024/2025-ci illər mövsümündə keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyət görüb. Komanda 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Saatlı təmsilçisi növbəti turda “Şəfa”nın qonağı olacaq.