Arber Zeneli “Reyms”i Super Liqa klubuna dəyişdi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini 3 yeni futbolçu – Arber Zeneli, Yusuf BarasıMbaye Nyanqla gücləndirib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Zenelini Fransanın “Reyms” klubundan transfer edib.

İsveçdə dünyaya göz açmış kosovolu sol cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu daha öncə “Herenven” və “Elfsborq”da da çıxış edib. Arber Zeneli Kosovo yığmasında 33 oyuna 9 qol vurub.

Yusuf Barası Niderlandın “Alkmar” klubundan transfer olunub. 20 yaşlı forvardla da 3 illik sözləşmə imzalanıb. “Alkmar”ın öz yetirməsi olan futbolçu 2021-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Niderlandda dünyaya göz açdığı üçün bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Yusuf, 2020-ci ildən Türkiyənin U-20 millisində forma geyinir.

Mbaye Nyanq isə “Oser”dən azad agent kimi “Adana Dəmirspor”a keçib. Seneqaldan olan 28 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. Seneqal yığmasında 23 oyuna 4 qol vurmuş hücumçu “Bordo”, “Əl-Əhli”, “Renn”, “Torino”, “Uotford”, “Cenoa”, “Monpelye”, “Milan” və “Kan”da da forma geyinib.

“Adana Dəmirspor”da dörd futbolçu ilə də yollar ayrılıb. Super Liqa təmsilçisi seneqallı hücumçusu Şerif Ndiayeni Serbiyanın “Srvena Zvezda” klubuna satıb. Klub bu satışdan 1,4 milyon avro qazanıb. 27 yaşlı forvard yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Henri Onyekuru isə “Adana Dəmirspor”u Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna dəyişib. Adana təmsilçisi onun satışından 3,2 milyon avro gəlir əldə edib. Nigeriyalı sol cinah vingeri yeni klubu ilə 2 illik anlaşıb. Nigeriya yığmasında 15 oyuna 1 qol vurmuş futbolçu “Olimpiakos”, “Qalatasaray”, “Monako”, “Everton”, “Anderlext” və “Eupen” kimi klublarda da çıxış edib.

Norveçli hücumçu Fredrik Qulbrandsen isə ölkəsinə qayıdıb və Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Molde” ilə müqavilə bağlayıb. Norveç yığmasının üzvü daha öncə Türkiyədə “Başakşəhər”in də formasını geyinmişdi. O, 2013-2016-cı illər aralığında məhz “Molde”də çıxış edib.

Adana klubu Şimali Makedoniyadan olan mərkəz müdafiəçisi Yovan Manevi də “Osiyek”ə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq.

“Reyms”də daha beş ayrılıq

Yeri gəlmişkən, Arber Zenelini “Adana Dəmirspor”a satan “Reyms” klubu da bir neçə futbolçusu ilə yollarını ayırıb. Mərkəz yarımmüdafiəçisi Valon Berişa Liqa 1 təmsilçisini azad agent kimi tərk edib və hələ özünə yeni iş yeri tapmayıb. 2016-cı ilə qədər Norveç, ondan sonra isə Kosovo yığmasında çıxış edən Berişa, “Melburn Siti”, “Fortuna” (Düsseldorf), “Latsio”, “Zalsburq”, “Vikinq” kimi klubların da formasını geyinib.

Hücumçu N’Dri Koffi də “Reyms”dən azad agent kimi ayrılıb və “Soşo”ya keçib. 21 yaşlı vinger yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Reyms”də olarkən “Pasuş de Ferreyra” və “Le Man”da icarədə də olub.

Niderlanddan olan sol cinah vingeri Mitçell van Bergen isə “Tvente”yə satılıb. Fransa klubu onun satışından 1 milyon avro qazanıb. 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, daha öncə “Herenven” və “Vitess” klublarının da ormasını geyinib.

“Reyms”in mərkəz müdafiəçisi Şeyx Keyta “Bastiya”ya, hücumameyilli yarımmüdafiəçisi Kamori Dumbiya isə “Brest”ə icarəyə verilib. Hazırda 20 yaşı olan hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.