Arda Gülər AÇ-2024-də mütləq rekord müəyyənləşdirdi

AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Gürcüstan millisi ilə oyun (3:1) Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Gülər bu oyunda “ay-ulduzlular”ın qələbəsinə qolla töhfəsini verib.

“Opta Sports” statistik internet-portalının məlumatına görə, Gülər özünün Avropa çempionatının debüt oyununda qol vurmuş ən gənc futbolçu olub. Gülər qolu vurduğu gün 19 yaş 114 günlüyündə olub.

Beləliklə, Gülər rekordun əvvəlki sahibi, portuqal ulduz hücumçu Kristiano Ronaldonun nailiyyətini üstələyib. Xatırladaq ki, Ronaldo AÇ-2004-də 19 yaş 128 günlüyündə Yunanıstan yığmasının qapısına yol tapmışdı.

Yeri gəlmişkən, Türkiyə – Gürcüstan matçının ən yaxşı futbolçusu da Arda Gülər seçilib. Gənc futbolçu Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri görüşün 65-ci dəqiqəsində baxımlı qolla yadda qalıb. Türkiyə millisinin digər qollarını Mərt Müldür (25) və Kərəm Aktürkoğlu (90+7) vurublar. Gürcüstan milli komandasından isə George Mikautadze 32-ci dəqiqədə fərlənib.

Arda Gülər Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Gülər geridə qalmış 2023/2024-cü illər mövsümündə “qaymaqlılar”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 6 qol vurub.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 8 oyuna çıxıb, 2 qol vurub.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və UEFA Çempionalar Liqası var var.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.