Arda Gülər XXI əsrdə “Real”ın klub rekorduna imza atdı

İspaniya La Liqasının “Rayo Valyekano” ilə 17-ci tur səfər oyunu “Real”ın türk sağ cinah hücumçusu Arda Gülər üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Gülər bu oyunda “qaymaqlılar”ın 3:3 hesablı heç-heçəsinə 2 məhsuldar ötürmə ilə töhfəsini verib.

“Opta Sport” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, Gülər XXI əsrdə “Real”ın İspaniya La Liqası oyununda 2 məhsudlar ötürmə ilə fərqlənmiş ən gənc oyunçudur ki, bu da mütləq klub rekordudur. Gülər 19 yaş 293 günlüyündə müvafiq nailiyyətə müvəffəq olub.

Arda Gülər “Gənclərbirliyi”nin məzunudur. Türk yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 19 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Türk futbolçunun “Kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 31 oyun, 7 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionalar Liqası və UEFA Super Kuboku var.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın