Argentina futbolunun əfsanəsi Uqo Qatti vəfat etdi

Argentina futbolunun əfsanəsi, keçmiş qapıçı Uqo Qatti bu gün, aprelin 21-də 80 yaşında Buenos-Ayresdə vəfat edib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Qattinin ölümünə, futbolçunun ombasında aparılmış cərrahi əməliyyatdan sonra orqanizminə düşmüş ciddi infeksiya səbəb olub.

Uqo Qatti karyerası ərzində ancaq Argentina klublarında çıxış edib. 1962-ci ildə paytaxt Buenos-Ayresin “Atlanta” klubunda böyük futbola qədəm qoymuş Qatti, ardınca “River Pleyt”, “Ximnasiya i Esqrima” (La-Plata), “Union Santa-Fe” və “Boka Xuniors”da çıxış edib.

Qatti Argentina çempionatında keçirdiyi oyunların sayına görə rekordçudur. 26 mövsüm ərzində Qatti 765 oyunda komandalarının qapılarını qoruyub. Karyerasının böyük hissəsini “Boka Xuniors”da keçirmiş Qatti 1988-ci ildə futboldan ayrılıb.

Qatti 1967-1977-ci illərdə Argentina yığmasında çıxış edib, 18 oyunda qapısını qoruduğu “albiseleste”nin heyətiində 14 qol “yeyib”, 4 oyundan “quru” qurtulub.

Uqo Qattinin qənimətlər muzeyində “Boka Xuniors”la üçqat Argentina çempionluğu, Libertadores Kubokunda ikiqat qalibiyyət, həmçinin Qitələrarası Kubokda qalibiyyət var. Qatti 1982-ci ildə Argentinada ilin oyunçusu seçilib.

Futbolçu karyerasına xitam verdikdən sonra Qatti kütləvi informasiya vasitələrində təhlilçi mütəxəssis olaraq çıxış edirdi.