Argentina prezidenti Messini futbol tarixinin ən yaxşısı adlandırdı

Argentina prezidenti “Dəli” ləqəbli Xavyer Miley fikrincə, dünya futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Miley bu seçimi edərkən “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə Argentina yığmasının əfsanəsi Dieqo Maradonanın oyununu müqayisə edib:

“Maradona bizə unudulmaz anlar yaşatmış gözəl futbolçu idi. Ancaq mənim fikrimcə, o, ən yaxşısı deyildi. Eyni zamanda, inanıram ki, o, insan müstəvisində haqsız yerə tənqid edilib, çünki həyatı ilə məşğul olduğu iş onun işi idi. Sizin həyatınız, sizin mülkiyyətiniz.

Messi bütün zamanların ən böyük oyunçusudur. “Messi mümkünsüzdür” adlı məqalədə onun oyunun hər tərəfində niyə ən yaxşı olmasından bəhs edilir. O, bir müəmmadır”.

Miley 2023-cü ilin dekabrında Argentinanın prezidenti vəzifəsinə keçib. “Dəli” (El Loco) ləqəbi ona rok qrupunda oynadığı ilk illərindən şamil edilib. Prezident həmçinin mitinqlərdə və televiziyada çıxış etdiyi zəncirli benzin-mişarını seçki tədbirinin rəmzinə çevirib və bu məqam Mileyin “Dəli” ləqəbini xüsusilə qabardıb.

Messiyə gəlincə, argentinalı ulduz 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin bu klubla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Messi “İnter Mayami”də bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

Leo hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 assist edib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.