Arif Əsədov: “Bu, Albaniya ilə matçda yaxşı oyuna ümid verir”

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov Albaniya yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, yığmamız bu rəqibi ilə sabah – iyunun 7-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da üz-üzə gələcək.

Albaniya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədovla yanaşı, milli komandamızın hücumçusu Mahir Emreli də fikirlərini paylaşıb. Onların mətbuat konfransında səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:

Arif Əsədov: “Qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözləyir. UEFA Millətlər Liqası öncəsi son yoldaşlıq görüşləridir. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara üç günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstana qarşı keçirilən son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Futbolçuların hazırlığından razı qaldım, onların münasibəti yaxşı oyuna ümid verir. Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.

“Belə matçlar mənim üçün bayram kimidir”

Mahir Emreli: “Rəqibin gücü bizə bəllidir. Avropa çempionatına hazırlaşdıqlarını bilirik. Keyfiyyətli oyunçulara malik komandadır. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, rəsmi və ya yoldaşlıq görüşü olmasından asılı olmayaraq, qarşılaşmaların hamısı vacibdir. Albaniya yığmasının Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.

“Azərbacaycan millisi bizi çətin vəziyyətə sala bilər”

Yeri gəlmişkən, Albaniya yığmasının baş məşqşisi Silvinyo da bu gün jurnalistlərin önünə çıxıb. Təcrübəli mütəxəssis bu görüşlə bağlı fikirlərini təqdim edirik:

“Avropa çempionatına hazırlaşmaq üçün cəmi 7 günümüz var. Bu matçda komandanın necə oynayacağını deyə bilmərəm. Biz Azərbaycanla oyunda xüsusən az oyun şansı olan futbolçularımıza şans verməliyik və oyunçuların yeni taktikaları sınamağına şərait yaratmalıyıq. Milli komanda üçün bu, çox dinamik, sürətli prosesdir. Azərbaycanla yoldaşlıq oyunundan sonra İtaliya ilə ilk matça yaxşı hazırlaşmaq, hər şeyi dəyərləndirmək və təhlil etmək üçün imkanımız olacaq. Müdafiədəki problemlər üzərində işləməliyik. Avropa çempionatına az vaxt qalmasına baxmayaraq, biz yalnız Azərbaycanla matçı düşünürük. Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər”.

Qeyd edək ki, Albaniya – Azərbaycan oyununa sabah Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.