Arif Əsədov: “Çətin qrupa düşdük”

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya milli komandalarına rəqib olub.

Püşkatma mərasimində iştirak etmiş millimizin məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında püşklə bağlı bunları söyləyib:

“Çətin qrupa düşdüyümüzü düşünürəm. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Fikrimcə, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm”.

Xatırladaq ki, ötən ilin sonunda Canni De Byazi ilə yolların ayrılmasından sonra Azərbaycan millisi baş məşqçisiz qalıb. Yığmamızın yeni baş məşqçisinin tezliklə müəyyənləşməsi gözlənilir.