Arif Əsədov “dominant oyun, hücum futbolu” istəyir

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov Qazaxıstana qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, yığmamız bu rəqibi ilə sabah – iyunun 11-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da üz-üzə gələcək.

Azərbaycan – Qazaxıstan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədovla yanaşı, milli komandamızın kapitanı Emin Mahmudov da fikirlərini paylaşıb. Onların mətbuat konfransında səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:

Arif Əsədov: “Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxımız olmadı. Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər.

Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Emin Mahmudov: “Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.