Arif Əsədov: “Milliyə hər mövqe üçün 2 futbolçu çağırmışıq”

Azərbaycan millisinin məşqçisi Arif Əsədov sabah Monqolustan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında Əsədov bunları söyləyib:

“Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Komandamız toplanışa martın 18-də start verib. 24 futbolçu ilə başlasaq da, Aleksey İsayev sıradan çıxdı. Yeni dəvət olunan futbolçuların xidmətindən maksimum istifadə etməyə çalışacağıq. Bizi çox maraqlı iki oyun gözləyir. Hər iki oyuna fərqli taktiki sxemdə çıxa bilərik”.

Əsədov düşərgəyə cəlb olunan yeni futbolçular barədə danışıb: “Ehtiyat oyunçular siyahısında yer alan Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Çoxdandır ki, Emil Mustafayevin oyunu diqqətimizdədir. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov milliyə dəvət olunubsa, deməli, oynamaq şansı da olacaq. Vaxtilə Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik”.

Arif Əsədov martın 22-də qarşılaşacaqları Monqolustan millisi haqda məlumatlı olduqlarını vurğulayıb: “Rəqibi yaxşı təhlil etmişik. Onların futbolu Avropa futbolundan seçilir. Çox istəkli, müdafiədə sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq. Hücum futbolu oynayacağıq”.

53 yaşlı məşqçi milli komandadakı durumuna toxunub: “Neftçi”yə təyin olunanda da köməkçi məşqçi idim. Orada 1 il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyadır”.

Əsədov “Neftçi”nin təcrübəli futbolçusu Qara Qarayevin yığmaya dəvət almamasına belə şərh verib: “Onun üçün millinin qapıları həmişə açıqdır. Hər mövqe üçün 2 futbolçu çağırmışıq. Bu dəfə Qaranı çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda bizi yenə yoldaşlıq oyunları gözləyir”.

“Yığmada ikiqat məsuliyyətlə çalışacağıq” – Bəhlul Mustafazadə

Mətbuat konfransında iştirak edən yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə də qarşıdakı matçdan gözləntilərini açıqlayıb:

“Fərqli futbol mədəniyyətinə sahib komandalarla qarşılaşacağıq. Meydana yüksək əhval-ruhiyyədə çıxacağıq. Milli komandada ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında davam edir. Yorğunluğa baxmayaraq, yığmada ikiqat məsuliyyətlə çalışacağıq”.

Mustafazadə Avropa Liqasının 1/8 finalda Almaniyanın “Bayer” komandası ilə keçirdikləri oyunlara (2:2, 2:3) da toxunub: “Bütün Azərbaycan xalqı “Bayer”ə qarşı mübarizəmizdən məmnun qalıb. 100 milyon qiyməti olan futbolçu topu qapıya vura bilmirsə, mənim də qol vura bilməməyim mənə təsir etmir”.

Xatırladaq ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək hər iki oyuna saat 20:00-da start veriləcək.