Rumıniyanın ÇFR (Kluj) klubunun mərkəz müdafiəçisi Arlind Ayeti bundan sonra “Bodrumspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Super Liqa təmsilçisi bu transferi 300 min avroya rəsmiləşdirib. 30 yaşlı futbolçu yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Arlind Ayeti İsveçrədə dünyaya göz açıb və bu ölkənin “Bazel” klubunun yetirməsidir. O, karyerası ərzində “Frozinone”, “Torino”, “Krotone”, “Qrasshopper”, “Vayle”, “Recciana”, “Padova”, “Pordenone” kimi klublarda da forma geyinib. ÇFR-ə ötən mövsümün əvvəlində qoşulmuş Ayeti bu komandanın heyətində 26 oyuna çıxıb, 3 qola imza atıb.
Ayeti İsveçrənin U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb. Əvəzində o, 2014-cü ildən Albaniya yığmasında oynamağa başlayıb. Təcrübəli müdafiəçi millidə keçirdiyi 28 oyunda 1 qol da vurub.
“Bodrumspor” “Rizəspor”un qapıçısı Gökhan Akkanı da heyətinə qatıb. 29 yaşlı türkiyəli qolkiper Rizə klubundan azad agent kimi ayrılıb və yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Gökhan Akkan peşəkar karyerasına “Ankaragücü” klubunda başlayıb. O, 2015-ci ildən “Rizəspor”un uğurları üçün çalışırdı. Akkan Rizə təmsilçisinin əsas komandasının heyətində 221 oyuna çıxıb, 323 qol buraxıb, 64 matçda qapısını toxunulmaz saxlayıb. Gökhan 2022/2023 mövsümündə əvvəlki klubu “Ankaragücü” komandasında icarədə də olub.
Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Gökhan Akkan əsas millidə də 1 oyun keçirib.