Niderlandlı mütəxəssis Arne Slot “Feyenoord”un baş məşqçi vəsifəsindən ayrılması haqda duyğularını paylaşıb.
Arena.az xatırladır ki, mayın 20-də “Liverpul” rəsmi olaraq cari ilin iyun ayının 1-dən Arne Slotun “qırmızılar”ın baş məşqçisi olacağını açıqlayıb.
“Çox gözəl təcrübələr keçirdiyim və bir çox gözəl insanlarla uğurla işlədiyim bir klubun qapısını bağlamaq mənim üçün asan olmadı. “Feyenoord”da üç inanılmaz il keçirdim.
Ancaq dünyanın ən böyük klublarından birində, İngiltərə Premyer Liqasında baş məşqçi olmaq fürsətini gözardı etmək də çətindir”, deyə Arne Slot bildirib.
45 yaşlı mütəxəssis “Feyenoord”un sükanı arxasına 2021-ci ilin iyulunda keçib. Bu müddətdə niderlandlı mütəxəssisin rəhbərliyi altında “Feyenoord” bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Erediviziyasını (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Arne Slotun “qırmızılar”la müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə xəbərlər yayılmışdı. Eyni zamanda, “Liverpul” niderlandlı mütəxəssis müqabilində “Feyenoord”a təzminat haqqı olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcək.