“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində “Vest Hem” üzərində əzmkar ev qələbəsini (5:1) şərh edib.
Arena.az BBC-nin “Sky Sports” dərgisinə istinadı əsasında, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Yüksək keyfiyyətə malik “Vest Hem” səviyyəli komandalar təzyiq göstərməyə qabildirlər. İkinci hissədə də onlar standart vəziyyətlər zamanı təhlükə yaradırdılar.
Burada olduğumdan bəri heç bir oyun asan olmayıb, baxmayaraq ki, bəzən nəticələr fərqli görünə bilər. Amma yəqin ki, İngiltərə Premyer Liqasında həyat məhz belədir: hər komandada keyfiyyətli futbolçular var. Düşünürəm ki, çox vaxt oyuna nəzarət edirdik. Bu, xüsusilə topa çox sahib olduğumuz birinci hissədə özünü göstərdi”, deyə Arne Slot “qırmızılar”ın böyükhesablı qələbəsində əsas məqamı qabardıb.
4-cü mərhələdə “Liverpul” “Brayton”un qonağı olacaq. “Qağayılar”la “qırmızılar” arasında oyun oktyabrın 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.