“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 8-ci turunun ev oyununda “Çelsi” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əvvəlki oyunların çoxu çətin olub, amma bu, bəlkə də ən çətini idi. Qələbə qazanmaq üçün bizə çox mübarizə aparmaq gərək oldu.
Artıq fasiləyə qədər hesab 2:0 bizim xeyrimizə ola bilərdi. Ancaq sonra biz qol buraxdıq, amma yenidən fəallaşdıq və ikinci qolu da vurduq.
Qarşılaşdığınız komanda nə qədər yaxşı olsa, bir o qədər çox xasiyyətə ehtiyacınız var. Premyer Liqada çoxlu yaxşı rəqiblər var, ona görə də qalib gəlmək istəyirsənsə, mübarizə aparmalısan”, deyə Slot vurğulayıb.
Niderlandlı mütəxəssis hakimliklə bağlı mübahisəli məqama da toxunub:
“Bizim əleyhimizə olmuş əsas qərar hakimin VAR rəyi əsasında penalti qərarını ləğv etməsi oldu. 2:0 hesabı ilə öndə olsaydıq, bu, tamam başqa oyun ola bilərdi. Bütün qərarlar bizim xeyrimizə deyildi, belə deyək”, deyə Arne Slot vurğulayıb.
Xatırladaq ki, bu məqam birinci hissənin sonunda baş verib. Meydan sahiblərinin yarımmüdafiəçisi Körtis Cons qonaqların qapıçısı Robert Sançeslə təkbətək çıxıb, qapıçı isə topu rəqibin ayaqları altından çıxarıb. Hakim penalti nöqtəsini göstərib, amma VAR-ı nəzərdən keçirdikdən sonra, ədalət təmsilçisi qərarını dəyişib. Hakim qərarını VAR-a təkrar baxış zamanı Sançesin əvvəlcə topa oynaması ilə əsaslandırıb. Həmçinin qapıçının sarı vərəqəsi də ləğv edilib.
8 turdan sonra 21 xal toplamış “Liverpul” Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Çelsi” isə 14 xalla 6-cı pillədədir.


