“Liverpul”un baş məşqçisi Arne Slot kolumbiyalı Luis Diasın “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.
Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Onun gələcəyi bizimlədir. Gördüklərimin çoxunu bəyənirəm. O, “Liverpul”da böyük təsir bağışladı. Ümidvaram ki, bu, növbəti mövsümdə də davam edəcək”, deyə Slot bildirib.
Arne Slot mersisaydlıların maraq göstərdiyi, “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi haqda da danışıb:
“Mən artıq dəfələrlə demişəm ki, komandamız həqiqətən güclüdür. Ona görə də onu gücləndirə biləcək futbolçu tapmaq asan deyil. Subimendi seçimlərimizdən biri idi, amma o, bura gəlməmək qərarına gəldi. Ona görə də ixtiyarımızda olanlarla davam edirik”.
Luis Dias “Liverpul”a 2022-ci ilin yanvar ayında Portuqaliyanın “Portu” klubundan 50 milyon avro qarşılığında keçib. O, İngiltərə klubunun heyətində 98 oyuna çıxıb, 24 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Onun “qırmızılar”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Geridə qalmış 2023/2024 mövsümündə Dias “Liverpul”un heyətində 51 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.
Luis daha öncə “Portu”, “Junior” və “Barrankilla” kimi klubların formasını geyinib.
Yarımmüdafiəçi 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya milli komandasının heyətində 48 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
Martin Subimendi isə “Real Sosyedad”ın öz yetirməsidir və bütün karyerası bu klubla bağlıdır. 25 yaşlı ispan dayaq yarımmüdafiəçisi La Liqa təmsilçisinin əas komandasının heyətində 188 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
2021-ci ilin iyun ayında İspaniya yığmasında debüt etmiş Subimendi, millinin heyətində 10 oyun keçirib, fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


