İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot “qırmızılar”ın və Braziliya millisinin qapıçısı Alisson Bekkeri tərifləyib.
Arena.az xəbər verir ki, 2 aydan çox idi zədə səbəbindən komandasına kömək edə bilməyən braziliyalı qolkiper ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Jirona”ya qarşı keçirdikləri səfər oyununda nəhayət ki, sıraya dönüb.
Arne Slot 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında təcrübəli qapıçı barədə bunları söyləyib:
“Bu gün o, niyə bizim “1” nömrəmiz olduğunu bir daha göstərdi. Alisson uzun illərdir ki, bu klub və milli komandası üçün çox önəmli olduğunu isbatlayır. “Jirona” ilə qarşılaşmada o, yəqin ki, dünyanın ən yaxşı qapıçılarından biri olduğunu göstərdi”, deyə Slot vurğulayıb.
Xatırladaq ki, braziliyalı qapıçı İngiltərə Premyer Liqasının 7-ci turunda “Kristal Pelas”la (1:0) matçda diz bağının zədələnməsi səbəbindən iki aydan çox idi yaşıl meydanlardan kənarda qalmışdı.
Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Alisson “Liverpul” üçün 9 oyun keçirib, 3 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 272 oyun, 239 buraxılmış qol, 120 “quru” oyundan ibarətdir.
Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).
Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 32 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.



