Arne Slot Premyer Liqada noyabrın ən yaxşı məşqçisi seçildi

“Liverpul”un niderlandlı baş məşqçisi Arne Slot noyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az məlumat verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

“Liverpul” Slotun rəhbərliyi altında noyabr ayında keçirdiyi 3 oyunun hamısından qələbə ilə ayrılıb. Belə ki, “qırmızılar” “Brayton” (3:2), “Aston Villa” (2:0) və “Sauthempton”a (3:2) qalib gəliblər.

Premyer Liqanın 15 turundan sonra “Liverpul” 14 oyuna topladığı 35 xalla vahid liderdir.

Qeyd edək ki, Slot karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında ayın ən yaxşısı adını qazanır. Premyer Liqanın cari mövsümündə Slotdan öncə Fabian Hürseler (“Brayton”) avqustun, Entso Mareska (“Çelsi”) sentyabrın, Nuno Espirito Santo (“Nottingem Forest”) oktyabrın ən yaxşısı elan edilmişdi.

Xatırladaq ki, Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb. Slot məhz bu iki komanda ilə uğurlu işi müqabilində adından söz etdirib.

Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Niderlandlı mütəxəssis “Liverpul”u 22 oyuna çıxarıb, 19 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşayıb. “Qırmızılar”ın top fərqi isə 50:15 nisbətindədir.

Qeyd edək ki, Arne Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu və Niderland Kuboku var.

Xəbəri sosial şəbəkələrdə paylaş: