“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Real” üzərində ev qələbəsini (2:0) şərh edib.
Arena.az “BBC Sport” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Siz yəqin başa düşürsünüz ki, Çempionlar Liqasını dəfələrlə qazanmış komandaya qarşı oynamaq xüsusi bir məqamdır. Bir neçə il əvvəl onlar bizə, “Liverpul”a acılar yaşatmışdılar, indi isə qalib gəlmək çox xoşdur. Düşünürəm ki, biz daha fəal oynadıq və topla daha yaxşı davrandıq”, deyə Slot vurğulayıb.
Niderlandlı mütəxəssis həmçinin oyunun açar məqamı olan, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin 65-ci dəqiqədə penaltini qaçırması ilə hesabı bərabərləşdirmək fürsətini əldən verdiyi məqamla bağlı fikrini bildirib. Slot həmçinin 70-ci dəqiqədə “qırmızılar”ın misirli ulduz hücumçusu Məhəmməd Salahın da penaltini əldən verməsi ilə bağlı məqamı bu qəbildən şərh edib:
“Hər iki vəziyyətdə penaltinin vurula biləcəyini düşünürsən. Hər ikisi büdrədi, ona görə də bu gün bizə göstərdilər ki, onlar da insandırlar. Mbappenin vəziyyətində Kelleher inanılmaz idi. O, bizim üçün əla bir qurtarış etdi”, deyə Arne Slot qeyd edib.
5 turdan sonra “Real” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 24-cü pillədə qərarlaşıb. “Liverpul” isə 15 xalla yarış cədvəlinin mütləq lideridir.